Xəbərlər


Tibbi tullantıların təhlükəsiz idarə olunması ilə bağlı növbəti maarifləndirici tədbirlər keçirilib

07 Aprel 2026, 17:45

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarələrinin əməkdaşları tərəfindən “Tibbi tullantıların təhlükəsiz idarə edilməsi” mövzusunda növbəti tədbirlər Bakı şəhərində 7 nömrəli Uşaq Nevroloji Sanatoriyasında, Sumqayıt şəhərində 1 saylı xəstəxanada və Gold Hospital MMC-də keçirilib.

İştirakçılara tibbi tullantıların növləri, düzgün çeşidlənməsi, müvəqqəti saxlanması, daşınması və zərərsizləşdirilməsi üsulları barədə ətraflı məlumat verilib. Həmçinin müasir şəhərsalma və memarlıq yanaşmalarında tullantıların, xüsusilə tibbi tullantıların təhlükəsiz idarə olunmasının dayanıqlı və sağlam şəhər mühitinin formalaşmasında rolu vurğulanıb.

Eyni zamanda Böyük Qayıdış proqramı çərçivəsində Zəngilan rayonunun Ağalı kəndində Həkim Tibb Məntəqəsində də tibbi tullantıların düzgün idarə olunması ilə bağlı görüş keçirilib və iştirakçılara mövzu ilə bağlı geniş məlumat təqdim edilib.

Tədbirlərin əsas məqsədi tibbi tullantıların idarə olunması ilə bağlı mövcud qaydalar barədə məlumatlılığı artırmaq, tibbi tullantıların düzgün idarə olunmaması nəticəsində yaranan ekoloji və sanitar riskləri iştirakçıların diqqətinə çatdırmaq və bu sahədə məsuliyyətli yanaşmanın şəhər infrastrukturu və ictimai sağlamlıq üçün əhəmiyyətini vurğulamaqdır.