Regionlarda ekoloji maarifləndirici görüşlər davam edir
06 Aprel 2026, 17:07
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarələrinin əməkdaşları tərəfindən “Tullantıların ekoloji cəhətdən səmərəli idarə olunması və təkrar emal” mövzusunda növbəti maarifləndirici görüşlər keçirilib.
Şamaxı şəhərinin S.M.Qənizadə adına 1 nömrəli tam orta məktəbində, Bərdə şəhərinin E.Kərimov adına 4 nömrəli, A.Mustafayev adına 5 nömrəli və D.Əliyev adına Şahvəlilər kənd tam orta məktəblərində keçirilən görüşlərdə şagirdlərə tullantıların növləri və düzgün çeşidlənməsi, təkrar emal prosesi haqqında məlumat verilib, təkrar istifadənin təşviqi, təbii ehtiyatlardan məsuliyyətli istifadə və gündəlik davranışların ekoloji tarazlığa təsiri haqqında müzakirələr aparılıb və sağlam şəhər mühitinin formalaşdırılmasında bu amillərin əhəmiyyəti xüsusi vurğulanıb.
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilən bu görüşlərin məqsədi uşaqlarda ekoloji biliklərin artırılması, təbiətə həssas münasibətin formalaşdırılması, davamlı inkişaf prinsiplərinin təşviqi və ekoloji tarazlıq anlayışının gücləndirilməsi və onların daha yaşıl şəhərlərin qurulmasına töhfə vermələrinin vacibliyini diqqətə çatdırmaq olub.