Tibbi tullantıların təhlükəsiz idarə olunması ilə bağlı maarifləndirici tədbirlər davam edir
31 Mart 2026, 18:05
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən müxtəlif bölgələrdə fəaliyyət göstərən tibb müəssisələrinin əməkdaşları üçün növbəti maarifləndirici görüşlər təşkil olunub.
“Tibbi tullantıların təhlükəsiz idarə edilməsi” mövzusunda keçirilən görüşlər zamanı iştirakçılara tibbi tullantıların növləri, onların düzgün çeşidlənməsi, müvəqqəti saxlanılması, daşınması və zərərsizləşdirilməsi qaydaları, eyni zamanda tibbi tullantıların düzgün idarə olunmaması nəticəsində yarana biləcək ekoloji və sanitar risklər barədə məlumatlar verilib.
Tədbirlərin keçirilməsində əsas məqsəd tibbi tullantıların idarə olunması sahəsində mövcud normativ tələblər barədə tibb müəssisələrinin əməkdaşlarının məlumatlılığını artırmaq, insan sağlamlığının və ətraf mühitin qorunmasının vacibliyini diqqətə çatdırmaqdan ibarətdir.