30 mart – Beynəlxalq Sıfır Tullantı Günüdür
30 Mart 2026, 10:33
2023-cü ildən başlayaraq hər il 30 mart tarixi Beynəlxalq Sıfır Tullantı Günü kimi qeyd edilir. 14 dekabr 2022-ci il tarixində Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 77-ci sessiyası sıfır tullantı təşəbbüslərinin əhəmiyyətini rəsmi olaraq qəbul edib. Türkiyə tərəfindən irəli sürülən təşəbbüsə 105 ölkə qoşulub.
Beynəlxalq Sıfır Tullantı Günü BMT-nin Ətraf Mühit Proqramı (UNEP) və BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən birgə təşkil olunur. Bu gün dünyada tullantıların idarə edilməsinin gücləndirilməsinin, ətraf mühitin tullantılarla çirklənməsinin qarşısının alınmasının və davamlı istehlak və istehsal modellərinin təşviq edilməsinin vacibliyini vurğulayır.
2026-cı ildə Beynəlxalq Sıfır Tullantı Günü “Qida tullantısı” devizi altında keçirilir. Bu mövzu qida tullantılarının qarşısının alınmasını, resursların səmərəli istifadəsini və sıfır tullantı yanaşmalarına uyğun sistem dəyişikliyini təşviq edən praktik iqlim həllərinin əhəmiyyətini önə çıxarır.