Tələbələr “Yaşıl dalğa: Gələcəyə töhfə” layihəsi çərçivəsində maarifləndirici görüşdə iştirak ediblər
16 Mart 2026, 18:25
Gənclərin ətraf mühitin mühafizəsi sahəsində maarifləndirilməsi, onlarda ekoloji məsuliyyət hissinin gücləndirilməsi və ekoloji dünyagörüşə malik gənc nəslin formalaşdırılmasına töhfə vermək məqsədilə həyata keçirilən “Yaşıl dalğa: Gələcəyə töhfə” layihəsi çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyində növbəti maarifləndirici görüş təşkil olunub. Görüşdə Bakı Dövlət Universitetinin tələbələri iştirak ediblər.
Tələbələrə Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova tərəfindən “Dayanıqlı şəhərlər: iqlim dəyişikliyinə davamlı infrastruktur həlləri” mövzusunda təlim keçirilib.
Təlim zamanı iştirakçılara iqlim dəyişmələrinin səbəbləri və nəticələri, qlobal istiləşmə və onun ətraf mühitə təsiri, iqlim dəyişmələrinə uyğunlaşma (adaptasiya) tədbirləri barədə məlumat verilib. Eyni zamanda ölkədə yaradılan erkən xəbərdarlıq sistemləri, hidrometeoroloji müşahidə şəbəkəsinin modernləşdirilməsi və bu sahədə həyata keçirilən tədbirlər haqqında da geniş təqdimat olunub.
Bununla yanaşı, iqlim siyasəti, Azərbaycanın qoşulduğu əsas beynəlxalq konvensiyalar və sazişlər, eləcə də həmin sənədlərdən irəli gələn öhdəliklər iştirakçıların diqqətinə çatdırılıb.
“Şəhərsalma və Memarlıq ili” çərçivəsində keçirilən tədbirdə Ümumdünya Şəhərsalma Forumu (WUF) kontekstində iqlim dəyişikliyi ilə bağlı prioritet istiqamətlər və iqlimə davamlı, dayanıqlı şəhərlərin formalaşdırılması məsələləri də müzakirə olunub.
Qeyd olunub ki, Nazirlik tərəfindən təşkil edilən bu kimi maarifləndirici tədbirlər ölkədə ekoloji təşəbbüslərin təşviqinə, ətraf mühitin mühafizəsi sahəsində ictimai fəallığın artırılmasına və gənclərin bu istiqamətdə daha fəal iştirakının dəstəklənməsinə xidmət edir.