Xəbərlər


Regionlarda ekoloji maarifləndirici görüşlər davam edir

10 Mart 2026, 18:17

“Ətraf mühitin mühafizəsi sahəsində düzgün ekoloji davranışın formalaşdırılması” mövzusunda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarələrinin əməkdaşları tərəfindən növbəti maarifləndirici görüşlər Gəncə və Tərtər şəhərlərində və Bərdə rayonunda keçirilib.

Gəncə şəhərinin M.Mehdizadə adına 4 nömrəli xarici dil təmayüllü məktəb-lisey və M.Ş.Vazeh adına 16 nömrəli tam orta məktəbində, Tərtər şəhərinin Ş.Şikarov adına 5 nömrəli tam orta məktəbində, Bərdə rayonunun X.İsmayılov adına Zümürxan kənd tam orta məktəbində keçirilən görüşlərin əsas məqsədi gənc nəslə ekoloji dəyərləri aşılamaq, onlarda ekoloji şüurun formalaşmasına dəstək olmaq və təbiətə qarşı məsuliyyət hissini gücləndirmək olub.

Tədbirlər zamanı şagirdlərə ətraf mühitin qorunmasının əhəmiyyəti, tullantıların növləri və düzgün çeşidlənməsi, təkrar emal prosesi, iqlim dəyişiklikləri, bitki və heyvanların ekosistemdə rolu barədə ətraflı məlumat verilib. Həmçinin su və enerji resurslarından səmərəli istifadə, gündəlik seçimlərin ətraf mühitə təsiri haqqında fikir mübadiləsi aparılıb. Görüşlər interaktiv formada davam edib və şagirdləri maraqlandıran suallar cavablandırılıb.