Xəbərlər


Qəhvəyi mərmər bağacığına qarşı kompleks mübarizə tədbirləri davam etdirilir

05 Mart 2026, 16:15

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin aidiyyəti qurumları tərəfindən qəhvəyi mərmər bağacığına qarşı kompleks mübarizə tədbirləri davam etdirilir.

Ziyanvericinin yayılmasının qarşısının alınması, meşə fondu və ətraf mühitin mühafizəsi məqsədilə mütəmadi olaraq monitorinqlər həyata keçirilir, aşkar olunmuş ziyanverici fərdlər operativ qaydada məhv edilir, yoluxma ocaqları nəzarətə götürülür.

Qəhvəyi mərmər bağacığının qışlama xüsusiyyətləri nəzərə alınaraq ötən ilin dekabr ayından başlayaraq Qax, Balakən və Zaqatala rayonlarının bir sıra kənd və yaşayış məntəqələrində genişmiqyaslı monitorinq və profilaktik tədbirlər təşkil edilib. Cari ildə də həmin ərazilərdə nəzarət tədbirləri sistemli şəkildə davam etdirilir.

Aparılan tədbirlər çərçivəsində təsərrüfat subyektləri və vətəndaşlarla maarifləndirici görüşlər keçirilib, qəhvəyi mərmər bağacığının aşkarlanması və ilkin mübarizə üsulları barədə ətraflı məlumatlar verilib.

Hazırda müvafiq qurumlar tərəfindən bu istiqamətdə monitorinqlər davam etdirilir, erkən aşkarlama və operativ tədbirlər tətbiq olunur, aidiyyəti qurumlarla koordinasiyalı fəaliyyət həyata keçirilir. Gündəlik olaraq aparılan monitorinqlərin nəticələri Operativ Qərargah tərəfindən yaradılmış onlayn platformaya yerləşdirilir və mütəxəssislər tərəfindən təhlil olunur.

Ziyanvericinin yayılma riskinin minimuma endirilməsi istiqamətində tədbirlər davam etdirilir.