Xəbərlər


3 mart - Ümumdünya Vəhşi Təbiət Günü ilə əlaqədar milli parklarda “Açıq qapı” günü və maarifləndirici görüşlər keçirilib

04 Mart 2026, 16:57

Ümumdünya Vəhşi Təbiət Günü ilə əlaqədar milli parklarda “Açıq qapı” günü təşkil olunub, milli park və qoruqların əməkdaşları tərəfindən maarifləndirici tədbirlər keçirilib.

Şahdağ Milli Parkında, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında, Zaqatala Humanitar Fənlər Gimnaziyasında, Xızı rayonunun Asim Abdullayev adına Altıağac, Kürdəmir rayonunun Muğanlı, Ağdaş rayonunun Ağcayazı, Samux rayonunun Kəsəmən, Xaçmaz rayonunun Yalama, Lənkəran rayonunun Xanbulan kənd tam orta məktəblərində və Qax şəhərinin Etibar Babayev adına 4 saylı tam orta məktəbində keçirilən maarifləndirici görüşlər “Dərman və ətirli bitkilər: sağlamlığın, irsin və yaşayış vasitələrinin qorunması” mövzusuna həsr olunub.

Görüşlər zamanı iştirakçılara günün əhəmiyyəti barədə ətraflı məlumat verilib. Daha sonra ərazilərdə yayılmış dərman və ətirli bitkilər, onların düzgün və davamlı istifadəsi, həmçinin flora və fauna növlərinin mühafizəsinin vacibliyi haqqında məlumatlar diqqətə çatdırılıb. Xüsusilə nadir və həssas növlərin qorunmasının əhəmiyyəti vurğulanıb.

Tədbirlər interaktiv formatda təşkil olunub, şagirdləri maraqlandıran suallar cavablandırılıb, onların mövzu ilə bağlı fikirləri dinlənilib.

Qeyd edək ki, 3 mart – Ümumdünya Vəhşi Təbiət Günü münasibətilə milli parklara səfər edən ziyarətçilər üçün giriş ödənişsiz təşkil olunub, onlara milli parkların flora və faunası, bioloji müxtəlifliyin qorunması istiqamətində görülən işlər barədə məlumat verilib.

Keçirilən tədbirlərin əsas məqsədi şagirdlərin ekoloji biliklərinin artırılması, onların vəhşi təbiətlə yaxından tanışlığının təmin olunması, həmçinin təbii sərvətlərin qorunmasının və gələcək nəsillərə ötürülməsinin vacibliyinin aşılanması olub.