Tibbi tullantıların təhlükəsiz idarə olunması ilə bağlı maarifləndirici tədbirlər davam edir
04 Mart 2026, 11:08
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarələrinin əməkdaşları tərəfindən tibbi tullantıların düzgün idarə olunması ilə bağlı növbəti tədbirlər Bakı şəhərində “Avropa Beynəlxalq Hospitalı”nda, Abşeron Rayon Mərkəzi Xəstəxanasında və Ağsu Rayon Mərkəzi Xəstəxanasında keçirilib.
“Tibbi tullantıların təhlükəsiz idarə edilməsi” mövzusunda keçirilən görüşlərdə iştirakçılara tibbi tullantıların növləri, onların düzgün çeşidlənməsi, müvəqqəti saxlanılması, daşınması və zərərsizləşdirilməsi üsulları barədə ətraflı məlumat verilib, tibbi tullantıların düzgün idarə olunmaması nəticəsində yarana biləcək ekoloji və sanitar risklər diqqətə çatdırılıb.
Tədbirlərin əsas məqsədi tibbi tullantıların idarə olunması ilə bağlı mövcud qaydalar barədə məlumatlılığı artırmaq, insan sağlamlığının və ətraf mühitin qorunmasının vacibliyini vurğulamaqdır.