“Dayanıqlı şəhərlər: iqlim dəyişikliyinə davamlı infrastruktur həlləri” mövzusunda maarifləndirici təlim keçirilib
03 Mart 2026, 13:20
Ekologiya və Təbii Sərvətlər Nazirliyində “Dayanıqlı şəhərlər: iqlim dəyişikliyinə davamlı infrastruktur həlləri” mövzusunda könüllülərin iştirakı ilə maarifləndirici təlim təşkil edilib.
Ekokönüllülərin və “ASAN Könüllüləri” nin birgə tərəfdaşlığı ilə keçirilən tədbirdə Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova tərəfindən şəhərlərdə artan istilik dalğaları, daşqın riskləri və enerji səmərəliliyi mövzularında ətraflı məlumat verilib.
Eyni zamanda Milli Hidrometeorologiya Xidmətinin İqlim və meteoroloji tədqiqatlar mərkəzinin mütəxəssisi Gülnar Muradova tərəfindən karbon izi, onun hesablanmasının əhəmiyyəti və karbon izinin azaldılması yolları haqqında ətraflı məlumat təqdim olunub, həmçinin iştirakçılara verilmiş praktik tapşırıqlar əsasında fərdi karbon izinin hesablanması öyrədilib.
Tədbirin sonunda vurğulanıb ki, dayanıqlı və iqlimə davamlı şəhərlərin formalaşdırılmasında gənclərin və könüllülərin fəal iştirakı mühüm əhəmiyyət daşıyır.
Qeyd edək ki, Nazirlik tərəfindən keçirilən bu kimi maarifləndirici tədbirlər 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Ətraf Mühit Günü və Ümumdünya Şəhərsalma Forumu (WUF13) ərəfəsində ölkədə ekoloji təşəbbüslərin təşviqinə və ətraf mühitin mühafizəsi sahəsində ictimai fəallığın artırılmasına xidmət edir.