3 Mart Ümumdünya Vəhşi Təbiət Günüdür
03 Mart 2026, 11:35
3 mart tarixi Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 20 dekabr 2013-cü il tarixli qərarına əsasən “Ümumdünya Vəhşi Təbiət Günü” kimi qeyd olunur. Bu günün təsis edilməsində əsas məqsəd vəhşi fauna və floranın zənginliyini, onların ekosistemlərin davamlılığında və insan həyatında oynadığı mühüm rolu diqqətə çatdırmaq, eyni zamanda cəmiyyətin təbiətə qarşı məsuliyyət hissini gücləndirməkdir.
2026-cı ildə bu gün “Dərman və ətirli bitkilər: sağlamlığın, irsin və yaşayış vasitələrinin qorunması” mövzusu ilə qeyd olunur.
Bu mövzu əsrlər boyu insan sağlamlığının qorunmasında əvəzsiz rol oynamış dərman və ətirli bitkilərin əhəmiyyətini ön plana çıxarır. Həmin bitkilər təkcə təbii müalicə vasitəsi deyil, həm də mədəni irsin, ənənəvi biliklərin və bir çox icmaların sosial-iqtisadi rifahının ayrılmaz hissəsidir.
Müasir dövrdə iqlim dəyişikliyi, təbii yaşayış mühitlərinin deqradasiyası və qeyri-davamlı istismar nəticəsində bir çox qiymətli bitki növləri yox olmaq təhlükəsi ilə üz-üzədir. Dərman və ətirli bitkilərin mühafizəsi, onların davamlı istifadəsinin təmin edilməsi və gələcək nəsillərə ötürülməsi artıq qlobal prioritet istiqamətlərdən birinə çevrilib.