Xəbərlər


Regionlarda ekoloji maarifləndirmə tədbirləri davam edir

25 Fevral 2026, 16:05

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarələri tərəfindən “Tullantıların ekoloji cəhətdən səmərəli idarə olunması və təkrar emal” mövzusunda növbəti maarifləndirici görüşlər təşkil edilib.

Tədbirlər Xudat şəhəri İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlikdə, Tovuz Regional ASAN Xidmət Mərkəzində, Abşeron rayonunun Saray qəsəbəsində fəaliyyət göstərən “ALUFAR” MMC-də, eləcə də Məmmədli kəndində yerləşən Veysəloğlu Şirkətlər Qrupunda keçirilib.

Görüşlərdə iştirakçılara məişət tullantılarının düzgün toplanması və çeşidlənməsi, təkrar emal mexanizmləri, tullantıların azaldılması yolları, təkrar istifadənin əhəmiyyəti barədə ətraflı məlumat verilib. Eyni zamanda gündəlik davranışların ətraf mühitə və ekoloji tarazlığa təsiri diqqətə çatdırılıb.

Tovuz Regional ASAN Xidmət Mərkəzində keçirilən tədbir çərçivəsində ASAN könüllülərinin tullantılardan hazırladıqları yaradıcı əl işləri nümayiş etdirilib.

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilən maarifləndirici tədbirlərin əsas məqsədi əhalinin ekoloji biliklərinin artırılması, təbiətə həssas münasibətin formalaşdırılması, davamlı inkişaf prinsiplərinin təşviqi və cəmiyyətdə ekoloji tarazlıq anlayışının möhkəmləndirilməsidir.