Şagirdlər üçün tullantıların düzgün idarə olunmasına dair maarifləndirici görüş keçirilib
18 Fevral 2026, 18:21
Uşaqlar arasında ekoloji biliklərin artırılması və məsuliyyətli davranış vərdişlərinin formalaşdırılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində tullantıların düzgün idarə olunması mövzusunda maarifləndirici görüş təşkil olunub.
Avropa Azərbaycan Məktəbinin şagirdlərinin iştirak etdiyi tədbirdə uşaqlara məişət tullantılarının növləri, tullantıların mənbəyində çeşidlənməsi, ətraf mühitin çirklənməsinin qarşısının alınması və gündəlik həyatda tətbiq oluna biləcək ekoloji vərdişlər barədə ətraflı məlumat verilib. Praktiki nümunələr vasitəsilə tullantıların çeşidlənmə qaydaları izah olunub.
Tədbir çərçivəsində şagirdlərlə sual-cavab sessiyası keçirilib, mövzunun daha yaxşı mənimsənilməsi məqsədilə interaktiv oyunlar təşkil olunub.
Belə maarifləndirici təşəbbüslər gələcək nəsillərdə ekoloji məsuliyyət hissinin gücləndirilməsinə, ətraf mühitə qayğıkeş münasibətin formalaşdırılmasına və dayanıqlı həyat tərzinin təşviqinə xidmət edir.