Xəbərlər


Regionlarda ekoloji maarifləndirici görüşlər davam edir

17 Fevral 2026, 18:10

“Ətraf mühitin mühafizəsi sahəsində düzgün ekoloji davranışın formalaşdırılması” mövzusunda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarələrinin əməkdaşları tərəfindən növbəti maarifləndirici görüşlər keçirilib.

Görüşlərdə Bərdə rayonunun S. Behbudov adına 6 nömrəli və F. Sadıqov adına Qaradəmirçi kənd tam orta məktəblərinin, eləcə də Tərtər şəhərində yerləşən İ. Məmmədov adına 2 nömrəli məktəb-liseyin şagirdləri iştirak ediblər.

Tədbirlər zamanı ətraf mühitin qorunmasının əhəmiyyəti, tullantıların növləri, düzgün çeşidlənməsi və təkrar emalın faydaları, iqlim dəyişikliklərinin təbiətə təsirləri, bitki və heyvanların ekosistemdə rolu barədə ətraflı məlumat verilib. Həmçinin su və enerji resurslarından səmərəli istifadə, gündəlik davranışların təbiətə təsiri kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb. Görüşlərin sonunda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Maarifləndirici görüşlərin əsas məqsədi gənc nəslə ekoloji dəyərləri aşılamaq, onlarda ekoloji şüurun formalaşmasına dəstək olmaq və təbiətə qarşı məsuliyyət hissini gücləndirməkdir.