Tibbi tullantıların təhlükəsiz idarə olunması ilə bağlı maarifləndirici tədbirlər davam edir
12 Fevral 2026, 17:55
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarələrinin əməkdaşları tərəfindən müxtəlif bölgələrdə yerləşən tibb müəssisələrində tibbi tullantıların düzgün idarə olunması ilə bağlı mütəmadi olaraq görüşlər keçirilir.
Növbəti tədbirlər Quba Rayon Mərkəzi Xəstəxanasında, Sumqayıt şəhərində yerləşən “Boulevard Medical Centre”də və Şabran şəhərində fəaliyyət göstərən “Medisfera” tibb müəssisəsində keçirilib.
“Tibbi tullantıların təhlükəsiz idarə edilməsi” mövzusunda keçirilən görüşlərdə iştirakçılara tibbi tullantıların növləri, onların düzgün çeşidlənməsi, müvəqqəti saxlanılması, daşınması və zərərsizləşdirilməsi üsulları barədə ətraflı məlumat verilib. Eyni zamanda, tibbi tullantıların düzgün idarə olunmaması nəticəsində yarana biləcək ekoloji və sanitar risklər diqqətə çatdırılıb.
Tədbirlərin əsas məqsədi tibbi tullantıların idarə olunması ilə bağlı mövcud qaydalar barədə məlumatlılığı artırmaq, insan sağlamlığının və ətraf mühitin qorunmasının vacibliyini bir daha vurğulamaqdır.