Ümumdünya Su-Bataqlıq Əraziləri Günü münasibətilə milli parklarda tədbirlər keçirilib
03 Fevral 2026, 18:35
Ümumdünya Su-Bataqlıq Əraziləri Günü ilə əlaqədar Qızılağac, Şirvan, Ağgöl və Abşeron milli parklarında maarifləndirici tədbirlər təşkil olunub.
Qızılağac Milli Parkında keçirilən tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin, Azərbaycan Ornitoloji Cəmiyyətinin əməkdaşları, həmçinin Lənkəran rayonunun Nərimanabad qəsəbəsinin müəllim və şagird kollektivi iştirak edib. İştirakçılara su-bataqlıq ərazilərinin ekoloji əhəmiyyəti barədə ətraflı məlumat verilib. Tədbir çərçivəsində Kiçik Qızılağac körfəzində qayıq gəzintisi və quş müşahidəsi təşkil olunub.
Şirvan Milli Parkında Salyan rayonunun Yenikənd orta məktəbinin müəllim və şagirdlərinin, Ağgöl Milli Parkında isə Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin və yerli ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirlərdə su-bataqlıq ekosistemlərinin biomüxtəlifliyin qorunmasındakı rolu və mühafizəsinin vacibliyi diqqətə çatdırılıb.
Abşeron Milli Parkında təşkil olunan maarifləndirici tədbir zamanı Xəzər rayonu 241 saylı tam orta məktəbin şagirdləri park ərazisində məskunlaşan və köç edən quş növləri ilə yaxından tanış olub, onları müşahidə ediblər.
Qeyd edək ki, bu kimi tədbirlərin əsas məqsədi su-bataqlıq ərazilərinin qorunmasının təşviqi, biomüxtəlifliyin mühafizəsi və ictimaiyyətin, xüsusilə gənclərin ətraf mühitin mühafizəsində fəal iştirakının artırılmasıdır.