Sumqayıtda ekoloji maarifləndirici görüşlər keçirilib
23 Yanvar 2026, 18:22
“Tullantıların ekoloji cəhətdən səmərəli idarə olunması və təkrar emal” mövzusunda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarəsinin əməkdaşları tərəfindən Sumqayıt şəhərinin bir sıra məktəblərində növbəti maarifləndirici görüşlər təşkil olunub.
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Xəzər Universiteti, Sumqayıt “Dünya” məktəbi, 6 nömrəli tam orta məktəb və C.Səfərov adına 10 nömrəli tam orta məktəbdə keçirilən görüşlər zamanı şagirdlərə tullantıların növləri, düzgün çeşidləmə qaydaları, təkrar emal prosesi, bu sahədə görülə biləcək tədbirlər, eləcə də ətraf mühitin qorunmasının əhəmiyyəti və təbii ehtiyatlardan səmərəli istifadə yolları barədə ətraflı məlumat verilib.
İnteraktiv formatda təşkil olunan görüşlərdə şagirdləri maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında müzakirələr aparılıb.
Tədbirlərin əsas məqsədi uşaqlarda ekoloji biliklərin artırılması, ətraf mühitə məsuliyyətli münasibətin formalaşdırılması və sağlam ekoloji davranış vərdişlərinin aşılanmasıdır.