11 Yanvar – Ümumdünya Qoruqlar və Milli Parklar Günü münasibətilə tədbirlər keçirilib
12 Yanvar 2026, 18:15
11 Yanvar – Ümumdünya Qoruqlar və Milli Parklar Günü münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeli qurumlarının təşəbbüsü ilə ölkənin müxtəlif bölgələrində ekoloji maarifləndirici tədbirlər təşkil olunub.
Hirkan Milli Parkında Astara Gənclər Evi Sosial Xidmət Müəssisəsinin fəal gənclərinin, turistlərin iştirakı ilə “Sağlam həyat tərzi” və “Xanbulan” marşrutları üzrə maarifləndirici tədbirlər keçirilib. Tədbirlərdə iştirakçılara biomüxtəlifliyin mühafizəsi, təbii ekosistemlərin qorunması, ekoloji tarazlığın saxlanılması və milli parkların davamlı inkişafdakı rolu barədə ətraflı məlumat verilib, Hirkan meşələrinin endemik və relikt bitki növləri ilə əyani tanışlıq təşkil olunub.
Eyni zamanda Ağgöl Milli Parkında, Ağstafa şəhər 2 nömrəli tam orta məktəbdə, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsində, Şahdağ Milli Parkının Şamaxı, Qəbələ, Qusar və İsmayıllı rayonlarında da ekoloji maarifləndirmə tədbirləri keçirilib. Təşkil olunan görüşlərdə şagird, tələbə və müəllim heyəti iştirak edib, milli parkların və qoruqların qorunmasının vacibliyi barədə məlumatlandırma aparılıb.
Keçirilən tədbirlərin əsas məqsədi cəmiyyətin, xüsusilə gənc nəslin ekoloji biliklərinin artırılması, milli parkların və qoruqların təbiətin qorunmasında əvəzsiz rolunun təbliği və ətraf mühitə məsuliyyətli münasibətin formalaşdırılmasıdır.