Xəbərlər


11 yanvar – Ümumdünya Qoruqlar və Milli Parklar Günü

11 Yanvar 2026, 12:05

 
11 yanvar tarixi dünyada biomüxtəlifliyin və təbii ekosistemlərin qorunmasında mühüm rol oynayan xüsusi mühafizə olunan təbiət ərazilərinə diqqətin artırılması məqsədilə Ümumdünya Qoruqlar və Milli Parklar Günü kimi qeyd olunur. Bu gün 1997-ci ildən etibarən Dünya Vəhşi Təbiət Fondunun (WWF) təşəbbüsü ilə beynəlxalq səviyyədə qeyd edilməyə başlanıb.

Bu günün təsis edilməsində məqsəd milli parkların və xüsusi mühafizə olunan təbiət ərazilərinin əhəmiyyətinə diqqət çəkmək, biomüxtəlifliyin qorunması, təbii ekosistemlərin saxlanılması və gələcək nəsillərə ötürülməsi istiqamətində ictimai maarifləndirməni gücləndirməkdir.

Milli parklar və qoruqlar nadir və nəsli kəsilməkdə olan flora və fauna növlərinin mühafizəsində, təbii landşaftların qorunmasında, elmi tədqiqatların aparılmasında və ekoturizmin inkişafında mühüm rol oynayır.

Hazırda Azərbaycanda 12 milli park, 9 dövlət təbiət qoruğu fəaliyyət göstərir. Milli parklarımız Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşməklə rəngarəng biomüxtəliflik və landşaft komplekslərini əhatə edir. Ümumilikdə, xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,54 %-ni təşkil edir.