Hirkan Milli Parkında “açıq qapı” günü keçiriləcək
12 Dekabr 2025, 18:00
“Milli parkları yaxından tanıyaq” devizi ilə növbəti “açıq qapı” günü 15 dekabr tarixində Hirkan Milli Parkında təşkil ediləcək və ziyarətçilər üçün milli parka giriş ödənişsiz olacaq.
Talış dağlarının ətəyində yerləşən Hirkan Milli Parkı unikal təbii-ekoloji xüsusiyyətləri, zəngin flora və faunası ilə seçilir. Milli parkı əhatə edən Hirkan meşələri dünyanın ən qədim və qorunub saxlanılmış meşə ekosistemlərindən biri kimi qiymətləndirilir. UNESCO-nun Dünya Təbii İrs Siyahısına daxil edilən, relikt və endemik növlərlə zəngin olan bu meşələr illər ərzində təbii inkişafını davam etdirərək öz ilkin xüsusiyyətlərini mühafizə edə bilib.
Xəzər dənizinin cənub-qərb və cənub sahillərini əhatə edən unikal meşə massivini və planetimizdə öz unikallığını qoruyub saxlayan nadir ekosistemləri görmək istəyən hər kəsi Hirkan Milli Parkına dəvət edirik.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təşkil edilən tədbirlər 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Ətraf Mühit Günü və Ümumdünya Şəhərsalma Forumu (WUF13) ərəfəsində ölkəmizdə ekoloji təşəbbüslərin təşviqi, ətraf mühitin qorunması sahəsində ictimai fəallığın artırılmasının təmin edilməsinə xidmət edir.