Azərbaycanda Dünya Torpaq Günü münasibətilə “Sağlam torpaq – sağlam həyat” adlı tədbir keçirilib
08 Dekabr 2025, 18:30
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Bakı Abadlıq Xidməti” MMC, “EkoSfera” Sosial-Ekoloji Mərkəz İctimai Birliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Dünya Torpaq Gününü Balaxanıda yerləşən Gilabi Keramika Mərkəzində “Sağlam torpaq-sağlam həyat” adlı tədbirlə birgə qeyd ediblər.
Tədbirdə dövlət qurumlarının, beynəlxalq təşkilatların, səfirliklərin, elmi-tədqiqat institutlarının və vətəndaş cəmiyyətinin nümayəndələri ilə yanaşı uşaqlar, gənclər və media təmsilçiləri olmaqla ümumilikdə 130-a yaxın iştirakçı bir araya gəlib. Qonaqlar təqdimatlar, müzakirələr və praktiki fəaliyyətlər vasitəsilə sağlam torpağın ekoloji, aqrar və mədəni əhəmiyyəti barədə geniş məlumat əldə ediblər.
Mərkəzin daxilində qonaqlar yerli gildən istifadə olunaraq keramika hazırlanması prosesi ilə tanış olublar. Uşaq və gənclər FAO və “EkoSfera” ekspertlərinin rəhbərliyi ilə “Kiçik Torpaq Detektivləri” adlı kəşf oyunu və kompost hazırlama üzrə ustad dərslərində iştirak ediblər. Bu praktiki təcrübələr torpağın funksiyalarını, ərzaq sistemlərini necə dəstəklədiyini və biomüxtəlifliyi necə qoruduğunu daha dərindən anlamağa imkan verib.
Tədbirin əsas məqsədi torpağın ərzaq təhlükəsizliyinin təmin olunmasında, biomüxtəlifliyin qorunmasında və iqlim dayanıqlılığının gücləndirilməsində oynadığı rola diqqət çəkmək idi. Bu ilki tədbir FAO-nun 80 illik yubileyi ilə üst-üstə düşdüyü üçün tədbir çərçivəsində rəmzi olaraq 80 ağac əkilib.