Tibbi tullantıların düzgün idarə olunması mövzusunda maarifləndirici tədbirlər davam etdirilir
26 Noyabr 2025, 17:05
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlər İdarələrinin əməkdaşları tərəfindən müxtəlif bölgələrdə yerləşən tibb müəssisələrində tibbi tullantıların düzgün idarə olunması ilə bağlı mütəmadi maarifləndirici görüşlər təşkil olunur.
Bu sahədə növbəti görüşlər Bakı şəhərində Universal Hospitalda, Sumqayıt Dövlət Tibb Kollecində, Sumqayıt şəhərində Ağciyər Xəstəlikləri Mərkəzində, Tovuz rayonunun Düz Qıraqlı kəndində Ailə Sağlamlıq Mərkəzində, İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında və İsmayıllı Sağlamlıq Mərkəzində keçirilib.
Görüşlər zamanı tibbi tullantıların idarə olunmasında mövcud problemlər və onların həlli yolları müzakirə edilib, eyni zamanda tullantıların insan sağlamlığına və ətraf mühitə təsirlərindən, təhlükəlilik dərəcəsinə uyğun çeşidlənməsi və zərərsizləşdirilməsi üsullarından bəhs olunub.
Tədbirlərin əsas məqsədi tibbi tullantıların yaratdığı ekoloji və sanitar risklərə diqqətin cəlb edilməsi, onların düzgün çeşidlənməsi, saxlanılması, daşınması və zərərsizləşdirilməsi ilə bağlı mövcud qaydalar barədə məlumatlılığın artırılmasıdır.