Xəbərlər


Regionlarda “Uşaq hüquqları aylığı” çərçivəsində ekoloji maarifləndirmə tədbirləri keçirilib

18 Noyabr 2025, 15:32

 
20 oktyabr – 20 noyabr tarixlərini əhatə edən “Uşaq hüquqları aylığı” çərçivəsində Regional Ekologiya və Təbii Sərvətlər İdarələrinin əməkdaşları tərəfindən müxtəlif bölgələrdə yerləşən məktəblərdə növbəti ekoloji maarifləndirmə görüşləri təşkil olunub.

Görüşlər zamanı Gəncə şəhəri 6 nömrəli tam orta məktəbin, Zaqatala rayonu Göyəm kənd tam orta məktəbin, Lənkəran rayonunun Liman şəhəri İ.Mahmudov adına 1 nömrəli, Şovu və Mamusta kənd tam orta məktəblərinin, Astara rayonunun Çayoba kənd tam orta məktəbinin, Bərdə rayonunun E.Zeynalov adına 1 nömrəli Hacallı, B.Əhmədov adına Bəcirəvan, T.İsmayılov adına Lənbəran və Kəngərli kənd tam orta məktəblərinin şagirdlərinə uşaq hüquqlarının mahiyyəti, eləcə də onların təmiz və sağlam ətraf mühitdə yaşamaq hüququ barədə geniş məlumat verilib.

Tədbirlər zamanı həmçinin ətraf mühitin mühafizəsi, ekoloji qanunvericiliyin əsas tələbləri, ölkəmizin zəngin flora və fauna aləmi, təbii sərvətlərdən səmərəli istifadə prinsipləri, tullantıların düzgün idarə olunması və ekoloji davranış mədəniyyəti barədə geniş məlumatlar təqdim olunub.

Maarifləndirici görüşlərin əsas məqsədi şagirdlərdə ekoloji bilik və şüurun artırılması, təbiətə qarşı məsuliyyətli münasibətin formalaşdırılması, sağlam həyat tərzi və davamlı inkişaf dəyərlərinin aşılanmasıdır.