Növbəti “Tullantıları tinglərə dəyiş” aksiyası keçirilib
18 Noyabr 2025, 12:00
Noyabrın 14-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, “ASAN xidmət” mərkəzinin dəstəyi ilə növbəti “Tullantıları tinglərə dəyiş” aksiyası keçirilib.
4 saylı Bakı “ASAN xidmət” mərkəzinin qarşısında təşkil olunan aksiya zamanı vətəndaşlar ümumi tutumu 660 litr olan plastik, 230 litr olan şüşə tullantı və 115 ədəd işlənmiş batareya təhvil veriblər.
Tullantı təhvil verən vətəndaşlara nar, badam, Eldar şamı və sərv tingləri təqdim edilib.
Aksiyanın keçirilməsində məqsəd əhalinin tullantıların çeşidlənməsi və təkrar emala cəlb olunmasını təşviq etmək, ekoloji maarifləndirməni artırmaq, həmçinin yaşıllıqların artırılmasına və cəmiyyətin ekoloji məsuliyyətinin gücləndirilməsinə dəstək olmaqdır.