Xəbərlər


ETSN-də Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib

14 Noyabr 2025, 12:32

 
12 noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günü münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində tədbir təşkil olunub.

Tədbir çərçivəsində əvvəlcə Nazirliyin inzibati binasında yerləşən Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin büstü ziyarət edilib, önünə gül dəstələri düzülərək dahi şəxsiyyətin xatirəsi ehtiramla yad olunub.

Tədbirdə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Rəşad İsmayılov, eləcə də Nazirliyin əməkdaşları iştirak ediblər.

Ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxışlarda Azərbaycanın Konstitusiyasının qəbul edilməsinin, dövlətçilik ənənələrinin möhkəmlənməsi və müstəqilliyin bərqərar olmasının Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlı olduğu bildirilib. Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyevin 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması ilə bağlı Sərəncamının hüquqi dövlətçilik və suverenlik dəyərlərinin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığı qeyd olunub.

Qeyd edək ki, Azərbaycan Respublikasının Konstitusiyası 1995-ci il 12 noyabr tarixində ümumxalq referendumu yolu ilə qəbul edilib. Bu tarixi sənəd müstəqilliyini bərpa etmiş Azərbaycan dövlətinin ilk milli Konstitusiyası olmaqla, ölkədə demokratik, hüquqi, dünyəvi və unitar dövlət quruculuğunun möhkəm hüquqi təməlini formalaşdırıb.