“Təmiz hava” aylığı çərçivəsində reydlər keçirilib
06 Noyabr 2025, 16:45
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən “Təmiz hava” aylığı çərçivəsində birgə reydlər davam etdirilir.
Regional Ekologiya və Təbii Sərvətlər İdarələrinin və Gəncə şəhər, Quba, Xaçmaz, Şabran, Siyəzən, Qax, Balakən, Daşkəsən rayon polis şöbələrinin yol polisi bölməsinin əməkdaşları tərəfindən keçirilən reydlər zamanı Gəncə şəhəri, Quba, Xaçmaz, Şabran, Siyəzən, Qax, Balakən, Daşkəsən rayonlarının ərazisində ümumilikdə 701 avtonəqliyyat vasitəsinə baxış keçirilib, 252 avtonəqliyyat vasitəsinin mühərrikindən ayrılan zərərli maddələrin miqdarı normadan artıq olduğundan nəqliyyat vasitələrinin sürücüləri barədə inzibati protokol tərtib edilib və qanunamüvafiq tədbirlər görülüb.
Qeyd edək ki, “Təmiz hava” aylığının keçirilməsində məqsəd nəqliyyat vasitələri tərəfindən atmosfer havasının çirkləndirilməsinin hazırki vəziyyətinin öyrənilməsi, eyni zamanda ətraf mühitə normadan artıq çirkləndirici maddələr buraxan nəqliyyat vasitələrinin aşkar edilməsi və istismarının məhdudlaşdırılması, atmosfer havasının mühafizəsi haqqında qanunvericiliyin tələblərinin təmin edilməsidir.