“II Yaşıl düşüncə maarifləndirmə proqramı” çərçivəsində gənclərə ətraf mühitin hüquqi əsasları mövzusunda təlimlər keçirilib
05 Noyabr 2025, 18:27
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilən “II Yaşıl düşüncə maarifləndirmə proqramı” çərçivəsində gənclər üçün ətraf mühitin qorunması və hüquqi çərçivə mövzusunda növbəti təlimlər təşkil olunub.
Proqram iştirakçılarına “Ətraf mühitin qorunmasında hüquqi yanaşmalar: milli və beynəlxalq çərçivə” mövzusunda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hüquq və insan resursları şöbəsinin müdiri Aynurə Kərimova, eləcə də “Ətraf mühit sahəsində qanunvericiliyin tətbiqi” mövzusunda 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis müavini Davud Əhmədov tərəfindən təqdimatlar edilib.
Təlimlər zamanı iştirakçılara ətraf mühitin qorunması ilə bağlı Azərbaycan Respublikasının qanunvericiliyi, beynəlxalq konvensiyalar, ekoloji hüquqların təmin olunması və tətbiq mexanizmləri haqqında ətraflı məlumat verilib. Həmçinin gənclər ətraf mühitin mühafizəsində vətəndaş məsuliyyəti və hüquqi iştirakın önəmi barədə müzakirələrdə iştirak ediblər.
Mütəxəssislər çıxışlarında gənclərə bildirib ki, ətraf mühitin qorunması yalnız dövlətin deyil, hər bir vətəndaşın hüquqi və mənəvi məsuliyyətidir. Gənclərin bu sahədə fəal iştirakı gələcəkdə daha sağlam və dayanıqlı cəmiyyətin formalaşmasına xidmət edir. Təlim interaktiv müzakirə və sual-cavab sessiyası ilə davam edib.
Təlimin məqsədi gənclərin ətraf mühitin mühafizəsi sahəsində mövcud qanunvericilik, hüquqi mexanizmlər və beynəlxalq öhdəliklər barədə bilik və anlayışlarını artırmaq, bu sahədə praktiki həyata keçirilən tədbirlər barədə onları məlumatlandırmaq olub.