“II Yaşıl düşüncə maarifləndirmə proqramı” çərçivəsində iqlim dəyişmələri mövzusunda təlim keçirilib
03 Noyabr 2025, 12:30
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilən “II Yaşıl düşüncə maarifləndirmə proqramı” çərçivəsində gənclər üçün “İqlim dəyişmələri və erkən xəbərdarlıq sistemi” mövzusunda növbəti təlim təşkil olunub.
Tədbirdə Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova təqdimatla çıxış edərək iqlim dəyişmələrinin mahiyyəti, səbəbləri və qlobal təsirləri barədə məlumat verib.
Təlim zamanı istixana qazlarının əsas mənbələri, ölkələrin emissiya payları, karbon ayaq izinin azaldılması yolları və qlobal istiləşmənin ekosistemlərə təsiri barədə geniş müzakirələr aparılıb. Bildirilib ki, Azərbaycan iqlim dəyişmələri ilə mübarizədə beynəlxalq öhdəliklərinə sadiq qalaraq emissiyaların azaldılması istiqamətində ardıcıl addımlar atır.
Çıxış zamanı həmçinin iqlimlə əlaqəli təbii təhlükələrin — quraqlıqların, daşqınların və ekstremal hava hadisələrinin son illərdə artdığı vurğulanıb. Bu kontekstdə ölkədə hidrometeoroloji şəbəkənin modernləşdirilməsi və erkən xəbərdarlıq sisteminin təkmilləşdirilməsi istiqamətində işlərin davam etdirildiyi qeyd olunub.