Regionlarda “Uşaq hüquqları aylığı” çərçivəsində növbəti ekoloji maarifləndirici görüşlər keçirilib
30 Oktyabr 2025, 14:45
20 oktyabr – 20 noyabr tarixlərini əhatə edən “Uşaq hüquqları aylığı” çərçivəsində Regional Ekologiya və Təbii Sərvətlər İdarələrinin əməkdaşları tərəfindən Tərtər rayonu H.Hüseynov adına Mamırlı kənd tam orta məktəbin, Sumqayıt şəhər 25 saylı tam orta məktəbin, Bərdə rayonu E.Mirzəyev adına Muğanlı kənd tam orta məktəbin, Tovuz rayon Əyyublu kənd 1 nömrəli tam orta məktəbin, Ağdam rayonu B.Quliyev adına İmamqulubəyli və 135 nömrəli kənd tam orta məktəblərinin, Gəncə şəhəri 15 və 17 nömrəli tam orta məktəblərinin, eləcə də Qazax şəhəri 1 nömrəli tam orta məktəbin şagirdləri ilə növbəti maarifləndirici görüşlər keçirilib.
Görüşlər zamanı uşaqlara ölkəmizdə uşaq hüquqlarının qorunması, ətraf mühitin mühafizəsi, eləcə də ekoloji qanunvericiliyin əsas tələbləri və uşaqların təbiətdən istifadə hüquqları barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, sağlam ekoloji düşüncənin formalaşdırılması uşaqların təhlükəsizliyinin və gələcəyinin təmin olunmasında mühüm rol oynayır.
Maarifləndirici görüşlərin əsas məqsədi uşaqlarda təbiətə qarşı məsuliyyət hissini gücləndirmək, ətraf mühitin qorunmasının vacibliyini aşılamaq, tullantıların düzgün idarə olunması və ekoloji davranış qaydalarına əməl etmə vərdişlərini formalaşdırmaqdır.
Belə tədbirlər uşaqların həm ekoloji biliklərinin artırılmasına, həm də onların gələcəkdə təbiətə qayğı ilə yanaşan və məsuliyyətli vətəndaş kimi formalaşmasına xidmət edir.