Ümummilli Liderin ad günü ərəfəsində “Heydər zivəsi”nə yürüş etmək istəyənlərin qeydiyyatına start verilib
16 Aprel 2015, 00:00
Azərbaycan xalqı, xalqımızın və dövlətçiliyimizin dostları iyirminci əsrin ən görkəmli siyasətçisi və dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsini böyük iftixar hissi və ehtiramla xatırlayır. Hər il Ümummilli Lider Heydər Əliyevin ad günü həm də “Heydər zirvəsi”nə kütləvi yürüşlərin təşkili ilə yadda qalır.
Artıq belə kütləvi yürüşlər xoş bir ənənəyə çevrilib və respublikanın müxtəlif bölgələrindən, müəssisə, idarə və təşkilatlardan bu aksiyaya qoşulanların sayı ilbəil artmaqda davam edir.
Yürüşlərin daha da kütləviləşməsi, mütəşəkkilliyin və yürüş edənlərin təhlükəsizliyinin təmin olunması üçün “Heydər zirvəsi”nə nəzərdə tutulan kütləvi yürüşlə bağlı təşkilati məsələləri yüksək səviyyədə həyata keçirmək məqsədilə bu il də Təşkilat Komitəsi yaradılıb. Gənclər və İdman Nazirliyinin tövsiyəsi ilə yürüş iştirakçılarının təhlükəsizliyinin təmin edilməsinə və təlimatlandırılmasına Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası cəlb olunub.
Qeyd edək ki, 01-12 may 2015-ci il tarixlərində Şahdağ Milli Parkının ərazisində yerləşən “Heydər zirvəsi”nə müəyyən olunmuş marşrut üzrə təşkil olunacaq kütləvi yürüşün iştirakçıları ETSN-nin müvafiq əmri ilə birdəfəlik giriş haqqından azad edilib.
Yürüşə qoşulmaq arzusunda olan bütün iştirakçılar, eyni zamanda hüquqi və fiziki şəxslər 01 may 2015-ci il tarixədək sənədlərini Təşkilat Komitəsinə təqdim etməlidirlər. Yürüşlə bağlı bütün məlumatları isə onlayn və ya alternativ vasitələrin köməyi ilə Təşkilat Komitəsindən almaq mümkündür (ünvan: Şabran rayonu Şahdağ Milli Parkının Baş Ofisi, tel: (+994)-23-353-66-63, (+994)-50-233-01-22, (+994)-55-243-60-30, faks: (+994)-23-353-66-63, e-mail: office.shd@gmail.com).