Xəbərlər


“Təmiz hava” aylığına start verilir

20 Oktyabr 2025, 13:30

 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən oktyabr ayının 20-dən noyabr ayının 20-dək ölkə ərazisində “Təmiz hava” aylığı tədbiri həyata keçiriləcək.

Tədbirin keçirilməsində məqsəd nəqliyyat vasitələri tərəfindən atmosfer havasının çirkləndirilməsinin hazırkı vəziyyətinin öyrənilməsi, eyni zamanda ətraf mühitə normadan artıq çirkləndirici maddələr buraxan nəqliyyat vasitələrinin aşkar olunması və istismarının məhdudlaşdırılması, atmosfer havasının mühafizəsi haqqında qanunvericiliyin tələblərinin təmin edilməsidir.

Sürücülərə, eləcə də sərnişin və yükdaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərə istifadələrində olan avtonəqliyyat vasitələrini texniki cəhətdən saz vəziyyətdə saxlamaq tövsiyə olunur.

Qeyd edək ki, ətraf mühitə atılan tullantılarda normadan artıq çirkləndirici maddələr müəyyən edilmiş avtomobillərin idarə edilməsinə, eləcə də onların istismara buraxılmasına yol verən fiziki və hüquqi şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.