“II Yaşıl Düşüncə Maarifləndirmə Proqramı” çərçivəsində “Texnologiya və təbiət: rəqəmsal ekologiya və innovativ yanaşmalar” mövzusunda sessiya keçirilib
16 Oktyabr 2025, 17:42
Gənclərin ekoloji şüurunun formalaşmasına, rəqəmsal bacarıqlarının inkişafına və ətraf mühitin mühafizəsində innovativ texnologiyaların tətbiqinə dəstək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “II Yaşıl Düşüncə Maarifləndirmə Proqramı” çərçivəsində “Texnologiya və təbiət: rəqəmsal ekologiya və innovativ yanaşmalar” mövzusunda sessiya təşkil olunub.
Sessiya zamanı ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rüstəm Həsənov tərəfindən iştirakçılara ekoloji idarəetmədə rəqəmsal həllərin rolu, ekoməlumatların toplanması və analizində süni intellekt və “ağıllı” texnologiyaların tətbiqi, innovativ texnologiyalardan ekoloji məqsədlərlə səmərəli istifadə və “yaşıl” ideyaların reallaşdırılması istiqamətində məlumatlar verilib.
Daha sonra Rəqəmsal İnnovasiyalar Mərkəzinin nümayəndəsi tərəfindən “Rəqəmsal ekologiya və məlumatların idarə olunması” mövzusunda təqdimat keçirilib. Gənclərə ekoloji məlumat bazalarının yaradılması, “yaşıl” texnologiyaların tətbiqi, rəqəmsal monitorinq və ekoloji şəffaflığın artırılması istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumatlar verilib.
Sessiya gənclərdə rəqəmsal ekologiya konsepsiyasının dərinləşməsinə, ekoloji və texnoloji düşüncənin inteqrasiyasına töhfə verib.