Xəbərlər

2015-ci ilin 3 ayı ərzində ETSN-nin “Qaynar xətt”inə 739 şikayət daxil olub

14 Aprel 2015, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 24 saat fəaliyyət göstərən 168 nömrəli “Qaynar xətt”inə 2015-ci ilin yanvar-mart ayları ərzində ölkə ərazisində ətraf mühitin mühafizəsi ilə əlaqədar ekoloji tarazlığın qorunması, ekoloji qanun pozuntuları və digər ekoloji hallar barədə 739 şikayət daxil olub.
Onlardan 675-i Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılaraq qanunamüvafiq tədbirlər görülüb, digər müraciətlərin araşdırılması isə hazırda davam etdirilir.
Daxil olan şikayətlər əsasən ağacların kəsilməsi və aşma təhlükəsinin olması, məişət tullantılarının qalaqlanması, atmosfer havasının çirklənməsi, çirkab suların axıdılması, yerin təkindən istifadə, flora və faunanın mühafizəsi, səs-küy səviyyəsinin normadan artıq olması və s. ilə əlaqədar olub.
Belə ki, 2015-ci ilin 3 ayı ərzində daxil olmuş şikayətlər əsasında Dövlət Ekspertiza İdarəsinə göndərilmiş 305 şikayət, Ətraf Mühitin Mühafizəsi Departamentinə göndərilmiş 282 şikayət, Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinə göndərilmiş 20 şikayət, İstehsalat Siyasəti şöbəsinə göndərilmiş 4 şikayət, Ovçuluq Təsərrüfatlarının İdarə Edilməsi və Ovçuluq Fəaliyyətinə Dövlət Nəzarət Xidmətinə göndərilmiş 1 şikayət araşdırılaraq qanunamüvafiq tədbirlər görülüb.
Meşələrin İnkişafı Departamentinə göndərilmiş 63 şikayətdən 38-i, Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinə göndərilmiş 12 şikayətdən 9-u, Milli Geoloji Kəşfiyyat Xidmətinə göndərilmiş 44 şikayətdən 10-u, Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinə göndərilmiş 8 şikayətdən 6-sı üzrə araşdırma başa çatıb, qalan şikayətlərin araşdırılması davam etdirilir.
Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt” rabitə əlaqəsi 2002-ci ildən etibarən ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilən fəaliyyətin təşkilati-hüquqi formasından asılı olmayaraq aidiyyəti idarə, müəssisə və təşkilatlarla, ayrı-ayrı vətəndaşlarla operativ qaydada əlaqələndirilməni təmin etmək məqsədilə fəaliyyət göstərir.