Xəbərlər

Avtomat meteoroloji stansiyaların sayı 32-yə çatdırılıb

08 Aprel 2015, 00:00

Milli Hidrometeorologiya Departamenti respublika ərazisində, o cümlədən Xəzər dənizi akvatoriyasında sistematik və fasiləsiz olaraq hidrometeoroloji müşahidələrin aparılmasını, hidrometeoroloji şəraitin öyrənilməsini, qısa və uzun müddətli hidrometeoroloji proqnozların, o cümlədən hidrometeoroloji xəbərdarlıqların verilməsini mütəmadi olaraq həyata keçirir.
2015-ci ilin 3 ayı ərzində ölkə ərazisindəki çaylar üzrə müntəzəm olaraq axım, səviyyə və gursululuq proqnozlarının verilməsi davam etdirilib. Kür və Qanıx çayları üzrə verilmiş 112 sutkalıq axım proqnozunun özünü doğrultması 98 faiz, Azərbaycanın rayonları, Abşeron yarımadası və Xəzər dənizi üzrə üzrə tərtib olunmuş proqnozların özünü doğrultması isə 90-95 faiz təşkil edib. Azərbaycanın 7 iqlim bölgəsi üzrə tərtib olunmuş 39 xəbərdarlığın özünü doğrultması 89-95 faiz səviyyəsində qeydə alınıb.
Cari ilin əvvəlində müşahidə sistemlərinin avtomatlaşdırılması və modernləşdirilməsi işləri həyata keçirilib. Şəki Regional Hidrometeoroloji Stansiyasının (RHM) Balakən Hidrometeoroloji Stansiyasında, Abşeron Regional Hidrometeoroloji Stansiyasının isə Səngi-Muğan Dəniz Hidrometeoroloji Stansiyasında WXT-520 Transmitter tipli avtomat meteoroloji stansiyalar quraşdırılaraq avtomat meteoroloji stansiyaların sayı 32-yə çatdırılıb. Qeyd edək ki, Şəki RHM-in tabeliyində olan Balakən HMS 2015-ci ilin yanvar ayından fəaliyyətə başlayaraq plan-proqram üzrə əsas meteoroloji müşahidələr aparıb.
Bakı Dərin Özüllər Zavodu Avtomat Meteoroloji Stansiyası MAWS-301 tipli Avtomat Meteoroloji Stansiya ilə təmin olunub və müşahidələr müasir texnologiya əsasında aparılıb. Avtomat Meteoroloji Stansiyaya meteoməlumatların məsafədən çəkilməsində istifadə olunan SİEMENS tipli GSM modem quraşdırılıb, proqram təminatına yeni konfiqurasiya faylı yüklənərək məlumatların məsafədən çəkilməsi təmin edilib.
Ölkənin yüksək dağlıq ərazilərində hidrometeoroloji vəziyyət daim müşahidə altında saxlanılaraq Tufandağ-Şahdağ ərazisində meteoroloji, Şahnabad və Mahmuddərə çaylarında hidroloji müşahidələr müntəzəm olaraq davam etdirilib.