Xəbərlər

Respublika çaylarında yaz-yay gursululuq dövrünün axım proqnozu

10 Aprel 2015, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən ölkə ərazisində qar-su ehtiyatlarının müəyyənləşdirilməsi məqsədilə aparılmış qarölçmə işlərinin nəticələri, eyni zamanda aylıq və fəsillik hava proqnozları məlumatları nəzərə alınmaqla Respublika çaylarında aprel, may, iyun ayları üçün yaz gursululuğunun və daşqın hadisələrinin axım proqnozu hazırlanıb.
Hər il sistematik olaraq hazırlanan yaz gursululuğunun və çaylarda daşqın hadisələrinin axım proqnozu əhaliyə, infrastrukur sahələrə dəyə biləcək ziyanların minimuma endirilməsində, müxtəlif məqsədlərlə sudan istifadədə, o cümlədən su anbarlarında səviyyənin tənzimlənməsində, enerji istehsalının, suvarmanın, su təchizatının balanslı təşkil edilməsində böyük əhəmiyyətə malikdir.
Qeyd edək ki, 2014-2015-ci illərin qış dövründə Böyük və Kiçik Qafqazın Azərbaycan hissəsinin dağ və qismən də dağətəyi zonalarında qar örtüyünün yaranması dekabr ayının 02-dən başlayaraq yanvar, fevral və mart aylarının ayrı-ayrı günlərində fasilələrlə davam edib. Əsasən yanvar və fevral aylarında çay hövzələrinin yuxarı hissələrində sabit qar örtüyü nisbətən artıb.
Qar xəttinin aşağı sərhədi 2014-cü ildə orta hesabla 2179 m hündürlükdən keçirdisə, bu il 1728 m hündürlükdən keçib. Lakin, mart ayının ayrı-ayrı günlərində havanın maksimal temperaturunun dağlıq və dağətəyi rayonlarda 18-20 dərəcəyə yüksəlməsi, eyni zamanda yağan yağışlar dağlıq ərazilərdə qarın tədricən əriməsinə və qar örtüyünün azalmasına səbəb olub.
Bu il çay hövzələrində aparılan qarölçmə işlərinin nəticəsinə görə Böyük və Kiçik Qafqazın bölgələrinə düşən qar ümumilikdə çoxillik normaya yaxın olsa da, keçən il ilə müqayisədə çox olub.

Aprel-iyun ayları üçün gursululuq dövrünün proqnozu
Transsərhəd çaylar üzrə:

Kür çayından Şəmkir su anbarına axımın normanın 63-80, Qanıx çayından Mingəçevir su anbarına axımın normanın 57-85, Araz çayından Araz su anbarına axımın isə normanın 27-47 faizini təşkil edəcəyi gözlənilir.

Respublikanın dağ çayları üzrə:
Böyük Qafqazın cənub-qərb (Balakən-Şəki) yamacı çaylarında sululuğun normanın 76-109, şimal-şərq (Quba-Qusar-Xaçmaz) yamacı çaylarında normanın 77-106, Kiçik Qafqazın (Daşkəsən-Gədəbəy-Göygöl) çaylarında 53-82, Naxçıvan MR çaylarında 36-77, Lənkəran-Astara bölgəsi çaylarında isə 42-78 faizini təşkil edəcəyi gözlənilir.
Bu il qar ehtiyatının normaya yaxın, yaz (aprel-may-iyun) yağıntılarının isə normaya yaxın və bir qədər az gözlənilməsinə baxmayaraq gursululuq dövründə, xüsusən də may və iyun aylarının ayrı-ayrı günlərində gözlənilən leysan xarakterli yağışlar nəticəsində Böyük Qafqazın cənub-qərb yamacının (Balakənçay, Talaçay, Kürmükçay, Şinçay, Kişçay), şimal-şərq yamacının (Qusarçay, Qudyalçay, Vəlvələçay), Kiçik Qafqazın (Gəncəçay, Kürəkçay, Şəmkirçay, Qoşqarçay) və Naxçıvan MR-nın (Naxçıvançay, Gilançay, Əlincəçay) çaylarından qısamüddətli daşqınların keçəcəyi gözlənilir.

2015-ci ilin gursululuq dövrünün proqnozuna dair xüsusi qeydlər:
” Bu il respublikanın daxili çay hövzələri ilə yanaşı Gürcüstan (Kür və Qanıx hövzələri) və Türkiyə (Kür və Araz hövzələri) ərazisində də suvermə qabiliyyətinə malik qar su ehtiyatı çoxillik normaya yaxın, 2014-cü ilə nisbətən isə çoxdur;
” Keçən il ilə müqayisədə bu ilin qışında yağıntıların normaya yaxın və keçən ilə nisbətən çox düşdüyünə baxmayaraq, yaz (aprel-may-iyun) yağıntılarının normaya yaxın və bir qədər az olacağı gözlənilir.
” Qeyd olunanları nəzərə alaraq əldə olunan məlumatlara, aparılan hesablamalara və kompleks məlumatların təhlilinə əsasən qeyd etmək olar ki, bu ilin gursululuq dövründə respublikanın daxili çaylarında - Böyük Qafqazın çaylarında sululuğun çoxillik normaya yaxın və bir qədər az, Kiçik Qafqaz və Lənkəran-Astara bölgəsi çaylarında normadan az, iri tranzit çaylarda isə çoxillik normadan əsasən az olacağı gözlənilir. Bu ilin gursululuq dövrünün axımının keçən ilin gursululuq dövrünün axımına nisbətən bir qədər çox olacağı gözlənilir.



Şəkil 1. Kiçik Qafqazın şimal-şərq yamacı. Gəncəçayın hövzəsi. Çanaqçı kəndi-Gəncəçayın mənbəyi, qarölçmə marşrutunda ölçü işlərinin aparılması.



Şəkil 2. Kiçik Qafqazın şimal-şərq yamacı. Zəyəmçayın hövzəsi. Parakənd kəndi-Leşkərçayın mənbəyi, qarölçmə marşurutunda ölçü işlərinin aparılması.



Şəkil 3. Böyük Qafqazın cənub yamacı. Bum hövzəsi. Bum kəndi-Yatıqçayın mənbəyi, qarölçmə marşrutunda ölçü işlərinin aparılması.



Şəkil 4. Böyük Qafqazın cənub yamacı. Keçmiş Filizçay. HMS-Kasadağ dağı, qarölçmə marşrutunda ölçü işlərinin aparılması.



Şəkil 5. Böyük Qafqazın şimal-şərq yamacı. Bostankeş kəndi. Xınalıqçayın mənbəyi, qarölçmə marşrutunda ölçü işlərinin aparılması.



Şəkil 6. Kiçik Qafqazın şimal-şərq yamacı. Gəncəçayın hövzəsi. Qoşqarçay su anbarı - Qoşqar dağı, qarölçmə marşrutunda qar örtüyünün ümumi görünüşü.