Xəbərlər


“Tullantıları hədiyyələrə dəyiş” festivalı: ətraf mühitə dəyər, gələcəyə töhfə

28 İyul 2025, 16:00

Artıq bir ənənəyə çevirilən, vətəndaşların böyük marağına səbəb olan və mütəmadi olaraq təşkil olunan “Tullantıları hədiyyələrə dəyiş” ekoloji festival çərçivəsində növbəti dəfə vətəndaşlar tullantılarını təkrar emala yönləndirərək həm ətraf mühitin qorunmasına töhfə verib, həm də müxtəlif hədiyyələr əldə ediblər.

Yasamal rayonu Alatava-2 parkında təşkil olunan festival zamanı vətəndaşlar tərəfindən ümumi tutumu 6033 litr olan plastik, 951 litr olan şüşə tullantı və 590 ədəd işlənmiş batareya təhvil verilib. Əvəzində onlara müxtəlif ekoçantalar, ətraf mühit sahəsində kitablar, o cümlədən “Paşa Bank”, “Araz”, “Bravo”, “Grand Agro” tərəfindən verilən hədiyyələr təqdim edilib.

Tədbir zamanı həmçinin ekoloji maarifləndirmə guşələri, uşaqlar üçün interaktiv zona təşkil olunub.

Festivalın əsas məqsədi ictimaiyyəti tullantıların çeşidlənməsi və təkrar emal mədəniyyətinə cəlb etmək, həmçinin insanlar arasında ətraf mühitə qarşı məsuliyyətli münasibətin formalaşmasına dəstək olmaqdır.