Xəbərlər

Ümumdünya Ətraf Mühit Günü ilə əlaqədar 90 nömrəli məktəbin şagirdləri “ETSN-də bir gün” layihəsinin qonağı olub

04 İyun 2025, 15:43

Uşaqlarda ətraf mühitin qorunmasına maraq oyatmaq və onların ekoloji biliklərini genişləndirmək, eləcə də gənc nəslin təbiətə qarşı daha diqqətli və məsuliyyətli münasibət formalaşdırmasına töhfə vermək məqsədilə Sabunçu rayonu 90 nömrəli tam orta məktəbin şagirdləri Ekologiya və Təbii Sərvətlər Nazirliyində olub.

Şagirdlərə ETSN-in Ekoloji siyasət şöbəsinin sektor müdiri Mehman Nəbiyev tərəfindən ətraf mühitin mühafizəsi, tullantıların düzgün idarə olunması, çeşidləmə vərdişləri barədə məlumatlar verilib, dünya təcrübəsi diqqətə çatdırılıb. Eyni zamanda, Ekoloji maarifləndirmə və kommunikasiya şöbəsinin müdiri Səyyarə Məmmədova tərəfindən uşaqlarla tullantıların növlərinə dair interaktiv oyun oynanılıb, uşaqlara müxtəlif simvolik hədiyyələr təqdim olunub.

Daha sonra məktəblilərə ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rüstəm Həsənov tərəfindən ətraf mühitin qorunmasında rəqəmsal texnologiyaların rolu, bu sahədə həyata keçirilən tədbirlər barədə məlumatlar verilib, onları maraqlandıran suallar cavablandırılıb.