
Bu gün Ümumdünya Ətraf Mühit Günüdür
05 İyun 2025, 09:00
Ümumdünya Ətraf Mühit Günü ətraf mühitin mühafizəsi və dayanıqlı inkişafla bağlı maarifləndirməni artırmaq, insanları ətraf mühitin qorunması üçün tədbirlər görməyə təşviq etmək məqsədilə hər il 5 iyun tarixində qeyd olunur.
1972-ci il iyunun 5-də Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının İsveçin paytaxtı Stokholm şəhərində keçirilən iclasında əhali arasında ekoloji maarifləndirmənin yüksəldilməsi, ətraf mühitin mühafizəsi məsələlərinə diqqətin yönəldilməsinin vacibliyi nəzərə alınaraq 5 iyun tarixinin Ümumdünya Ətraf Mühit Günü kimi qeyd olunmasına qərar verilib və növbəti ildən həmin gün bütün dünyada Ümumdünya Ətraf Mühit Günü kimi qeyd olunmağa başlayıb.
Bu il Ümumdünya Ətraf Mühit Günü plastik tullantıların yaratdığı çirklənmə probleminə həsr olunub. Onilliklər ərzində plastik çirklənmə dünyanın hər bir nöqtəsinə sirayət edib. Sürətlə artan plastik tullantılar — içdiyimiz suya, yediyimiz qidaya və hətta orqanizmimizə qədər daxil olaraq ciddi sağlamlıq və ekoloji risklər yaradır. Lakin ümidverici hal budur ki, bu problem həll edilə biləcək ekoloji çağırışlar sırasındadır, çünki effektiv həll yolları mövcuddur.
Bu il Ümumdünya Ətraf Mühit Günü #PlastikÇirklənməyəQalibGəl kampaniyasına qoşularaq dünya üzrə ictimaiyyəti praktik həllərin tətbiqi və təşviqinə səfərbər edir. Cənubi Koreya Respublikası bu ilin qlobal tədbirlərinə ev sahibliyi edir.