Xəbərlər

Yanğın təhlükəsizliyi ilə bağlı növbəti regional müşavirə keçirilib

27 May 2025, 18:27

 
Meşə, yaşıllıq və əkin sahələrində baş verə biləcək yanğınlara qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyinin artırılması, bu sahədə birgə əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə Ağdam Muğam Mərkəzində regional müşavirə keçirilib.

Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar, Kənd Təsərrüfatı, Daxili İşlər, Ədliyyə nazirlikləri, Baş Prokurorluq, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin və digər aidiyyəti qurumların rəsmilərinin, fermer və sahibkarların iştirakı ilə keçirilən görüşdə yanğın təhlükəsizliyi ilə bağlı hazırlanmış birgə fəaliyyət planı barədə məlumat verilib. Yanğına qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyinin artırılması məqsədilə aidiyyəti qurumların müştərək fəaliyyətinin vacibliyi, eyni zamanda bu cür maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Qarşıdan yay mövsümünün gəlməsi ilə əlaqədar meşə və yaşıllıq ərazilərdə yanğın hallarının baş verməməsi üçün kənd təsərrüfatı ilə məşğul olan sahibkarların, fermerlərin, meşə ətrafında yaşayan kənd sakinlərinin, heyvandarlıq və əkinçiliklə məşğul olan vətəndaşların odla ehtiyatlı davranmaları və yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etmələri xüsusi qeyd edilib.

Yekun olaraq tədbir iştirakçıları adından meşəətrafı ərazilərdə yaşayan və təsərrüfat fəaliyyəti ilə məşğul olan vətəndaşlara ayıq-sayıq olmaları, yanğın hadisələri ilə bağlı dərhal əlaqədar qurumlara məlumat vermələri, meşəlik ərazilərdə nəzarətsiz yanğın mənbələrinə şərait yaratmamaları barədə çağırış edilib.