Xəbərlər

Beynəlxalq Biomüxtəliflik Günü ilə əlaqədar tədbir keçirilib

23 May 2025, 18:05

 
22 may Beynəlxalq Biomüxtəliflik Günü münasibətilə Balaxanı qəsəbəsində yerləşən Ekomərkəz və Botanika bağında “Təbiəti Qoruyan Uşaqlar!” şüarı altında keçirilən tədbirdə uşaqlar və gənclər ekoloji fəaliyyətlərə qoşulublar.

Tədbir Ekologiya və Təbii Sərvətlər Nazirliyi, FAO-nun Azərbaycan ofisi, Bakı Abadlıq Xidməti və “EkoSfera” Ekoloji-Sosial Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilib.

Tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və Bakı Abadlıq Xidmətinin nümayəndələri, FAO-nun Azərbaycandakı nümayəndəsinin müavini Bariz Mehdiyev, FAO layihəsinin baş texniki mütəxəssisi Peter Pexaçek, Milli Məclisin deputatı Pərvanə Vəliyeva, “EkoSfera” Ekoloji-Sosial Mərkəzinin direktoru Firuzə Sultan-zadə, Bakı Dövlət Universitetinin Ekologiya və Torpaqşünaslıq fakültəsinin tələbələri, “Yaşıl Şəbəkə” ekoloji maarifləndirmə proqramının fəal ekoklub üzvləri, müxtəlif məktəblərin ekoklub rəhbərləri və bölgələrdən gəlmiş ekoloji fəal şagirdlər, ekokönüllülər iştirak ediblər.

Rəsmi çıxışlarda biomüxtəlifliyin əhəmiyyəti, təbiətin bərpası və gənclərin bu prosesdə rolu vurğulanıb.

Praktiki fəaliyyətlərə botanika üzrə master-klass və keramika üzrə ustad dərsi, “Biomüxtəlifliyin detektivləri” kvest oyunu, Milli Parklar haqqında sənədli film izlənməsi və maarifləndirici ekskursiyalar daxil olub.

Botanika bağında zeytun ağaclarının əkilməsi ilə tədbirə yekun vurulub.