“Məktəblərdə “Yaşıl Könüllük” Proqramının İcrası” layihəsi çərçivəsində “yaşıl könüllülər” üçün vorkşoplar keçirilib
02 May 2025, 11:58
Elm və Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin dəstəyi ilə "Regional İnkişaf" İctimai Birliyi tərəfindən icra olunan “Məktəblərdə “Yaşıl Könüllük” Proqramının İcrası” layihəsi çərçivəsində “yaşıl könüllülər” üçün vorkşoplar keçirilib.
Şəki rayonu, Qoxmuq kənd tam orta məktəbində keçirilən vorkşopda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova tərəfindən iqlim dəyişikliyinin təsirləri, mövcud iqlim trendləri və su ehtiyatlarına olan təsirləri barədə interaktiv sessiya keçirilib və bu mövzuda praktiki tapşırıqlar həyata keçirilib.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Şəki-Zaqatala regional nümayəndəliyinin əməkdaşı Elmir Həşimli tərəfindən isə vorkşop iştirakçıları üçün özünü inkişaf və karyera planlamasına dair praktik məşğələlər təşkil edilib, şagirdlərə şəxsi məqsədlərin müəyyən olunması və gələcək karyera istiqamətlərinin planlaşdırılması üzrə məlumatlar verilib.
Qeyd edək ki, layihənin məqsədi məktəblilərin ekoloji savadlılığının artırılması, ekoloji məsələlərə qarşı həssas yanaşmanın formalaşdırılması, məsuliyyət hissinin gücləndirilməsi və şəxsi inkişaf bacarıqlarının dəstəklənməsidir.