Ekoloji Bilik Günü ilə əlaqədar İdrak liseyinin şagirdləri “ETSN-də bir gün” layihəsinin qonağı olub
16 Aprel 2025, 17:50
Uşaqların ətraf mühitin mühafizəsi sahəsinə maraq və məlumatlılığını artırmaq, gənc nəsli təbiətə qarşı daha məsuliyyətli davranmağa təşviq etmək məqsədilə İdrak liseyinin şagirdləri Ekologiya və Təbii Sərvətlər Nazirliyində olaraq Nazirliyin fəaliyyət sahələri ilə tanış olmaq imkanı əldə ediblər.
Şagirdlərə öncə ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rüstəm Həsənov tərəfindən ətraf mühitin qorunmasında rəqəmsal texnologiyaların rolu, bu sahədə həyata keçirilən tədbirlər barədə məlumatlar verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Daha sonra məktəblilərə ETSN-in ekoloji maarifləndirmə və kommunikasiya şöbəsinin müdiri Səyyarə Məmmədova tərəfindən ətraf mühitin mühafizəsi, biomüxtəliflik, tullantıların düzgün idarə olunması sahəsində məlumatlar verilib. İnteraktiv formatda keçirilən görüş zamanı şagirdlərin sualları cavablandırılıb, uşaqlara ətraf mühit sahəsində kitablar və müxtəlif simvolik hədiyyələr təqdim olunub.
Tədbirin davamı olaraq şagirdlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Geoloji İnformasiya Fondunun tabeliyində fəaliyyət göstərən Azərbaycan geologiya muzeyinə baxış keçirib, süxurlar, mineral və filiz nümunələri ilə tanış olublar.