Ekoloji Bilik Günü ilə əlaqədar məktəblərdə maarifləndirmə tədbirləri təşkil olunub
15 Aprel 2025, 16:50
15 Aprel – Ekoloji Bilik Günü münasibətilə regional ekologiya və təbii sərvətlər idarələrinin əməkdaşları tərəfindən müxtəlif məktəblərdə maarifləndirici tədbirlər təşkil olunub.
Tədbirlərin əsas məqsədi gənc nəslin ekoloji biliklərini artırmaq, ətraf mühitin mühafizəsi sahəsində məsuliyyət hissi aşılamaq və ekoloji düşüncə tərzini formalaşdırmaqdır.
Görüşlər zamanı Bakı şəhəri R. İmanov adına 205 nömrəli tam orta məktəbin, 322 nömrəli tam orta məktəbin, Lənkəran rayon N.Aslanov adına Ləj kənd tam orta məktəbin, H.Səfərov adına Kərgəlan kənd tam orta məktəbin, Şirvan şəhər 2 saylı və 13 saylı tam orta məktəblərin, Bərdə şəhər E.Kərimov adına 4 nömrəli tam orta məktəbin şagirdlərinə ətraf mühitin mühafizəsi, təbii sərvətlərdən səmərəli istifadə, tullantıların düzgün idarə olunması və digər ekoloji mövzularla bağlı ətraflı məlumat verilib. Eyni zamanda iştirakçılar öz suallarını ünvanlayıb, aktiv şəkildə müzakirələrə qoşulublar.
Bu cür tədbirlər gənclərdə təbiətə qarşı qayğıkeş və məsuliyyətli münasibətin formalaşdırılmasına, həmçinin cəmiyyətin ekoloji maarifləndirilməsinə böyük töhfə verir.