Xəbərlər

“Qlobal təkrar emal günü” ilə əlaqədar “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirilib

18 Mart 2025, 18:30

 
Tullantıların düzgün idarə olunması sahəsində əhalinin maarifləndirilməsi, çeşidləmə vərdişlərinin stimullaşdırılması, resurslardan daha səmərəli istifadə edilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Yasamal Rayon icra Hakimiyyətinin, “Azekol” MMC-nin, “Araz” və “Bravo” supermarketlər şəbəkələrinin dəstəyi ilə Yasamal rayonu Hüseyn Cavid parkında “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirilib.

Artıq ənənə halını almış bu aksiya zamanı vətəndaşlar tərəfindən ümumi tutumu 577 litr olan şüşə, 5163 litr olan plastik tullantı, 747 ədəd işlənmiş batareya təhvil alınıb, əvəzində onlara müxtəlif hədiyyələr verilib.

Kiçikdən böyüyə hər kəsin marağına səbəb olan festival çərçivəsində iştirakçılara musiqili proqram, tullantıların çeşidlənməsinə dair uşaqlar üçün maarifləndirici oyunlar, ekoçantalar üzərində rəsmlərin çəkilməsi və müxtəlif master klasslar təqdim olunub.

2024-cü ildən start verilən və dəfələrlə təşkil olunan “Tullantıları hədiyyələrə dəyiş” festivalı çərçivəsində vətəndaşlar tullantıları düzgün şəkildə çeşidləyib təhvil verərək müxtəlif hədiyyələr və stimullaşdırıcı mükafatlar qazanır, bu isə onlarda ekoloji vərdişlərin formalaşmasına kömək edir.

Belə tədbirlər tullantıların sadəcə zibilliyə atılacaq bir şey olmadığını, onların yenidən emal olunaraq dəyərli resursa çevrilə biləcəyini cəmiyyətə çatdırır. Eyni zamanda bu təşviqat üsulu insanların ətraf mühitə daha məsuliyyətli yanaşmasına və tullantıların azaldılmasına töhfə verir.