Şirvan Milli Parkının Qızılqaz gölündə ziyarətçilər köçəri quşları müşahidə edib
12 Mart 2025, 15:10
Azərbaycan Ornitoloji Cəmiyyətinin sədri Elçin Sultanovun rəhbərliyi ilə Şirvan Milli Parkının Qızılqaz gölündə qışlayan quşları müşahidə etmək üçün tur təşkil olunub.
Zəngin faunaya malik olan Şirvan Milli Parkında iştirakçılar ornitofauna növlərini - qızılqaz (flaminqo), bizquyruq, ağgöz dalğıc, qu quşu, müxtəlif ördək növlərini müşahidə edib, ornitoloq mütəxəssis tərəfindən onlara milli parkda məskunlaşmış köçəri quşlar haqqında məlumat verilib.
Müxtəlif yaş qruplarından olan təbiətsevərlərin iştirak etdiyi turun təşkil edilməsində əsas məqsəd qışlayan quş növlərinin populyasiyasını öyrənmək, onların miqrasiya yollarını izləmək və ekoloji maarifləndirməni gücləndirməkdir.