Xəbərlər

Ağgöl Milli Parkında “Ümumdünya Su-Bataqlıq Əraziləri Günü” ilə əlaqədar tədbir keçirilib

02 Fevral 2025, 11:20

 
2 fevral “Ümumdünya Su-Bataqlıq Əraziləri Günü” ilə əlaqədar Ağgöl Milli Parkında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, Ağcabədi Rayon İcra Hakimiyyətinin rəsmiləri, Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Təşkilatının (WWF) nümayəndələri, eyni zamanda Bakı Dövlət Universitetinin müəllim və tələbə heyətinin iştirakı ilə elmi-məlumatlandırıcı tədbir keçirilib.

Tədbirdə iştirakçılara günün mahiyyəti barədə ətraflı məlumatlar verilib, daha sonra nadir və nəsli kəsilmək təhlükəsində olan quş növlərinin vəziyyətinin öyrənilməsi, say göstəricilərinin izlənilməsi, quşların müşahidəsi turizminə diqqətin çəkilməsi, su-bataqlıq əraziləri ekosisteminin qorunmasının vacibliyi haqqında müzakirələr aparılıb.

Köçəri quşların miqrasiya marşrutu üzərində yerləşən Azərbaycanın xüsusi mühafizə olunan təbiət ərazilərinin əhəmiyyəti, nadir quş növlərinin mühafizəsi və quşların müşahidəsi turizminin inkişafı ilə bağlı milli parkda açıq havada təşkil olunan elmi müzakirədən sonra iştirakçılar Ağgöl Milli Parkındakı “Böyük Ağgöl” marşrutu boyu vəhşi təbiətlə tanış olub, həmçinin quşların müşahidəsi marşrutlarında su-bataqlıq quşlarını müşahidə ediblər.

Qeyd edək ki, su-bataqlıq quşlarının yaşama yeri kimi beynəlxalq əhəmiyyət daşıyan su-bataqlıq əraziləri barədə Konvensiya 1971-ci il fevralın 2-də Ramsar şəhərində imzalanıb. Azərbaycanın Ağgöl və Qızılağac (Böyük və Kiçik Qızılağac körfəzləri) milli parkları mühüm su-bataqlıq əraziləri kimi Konvensiyanın “Ramsar Siyahısı”na daxil edilib.