Xüsusi mühafizə olunan təbiət ərazilərinin tanıdılması məqsədilə infoturlar davam edir
28 Noyabr 2024, 12:48
Xüsusi mühafizə olunan təbiət ərazilərinin tanıdılması məqsədilə Mingəçevir Dövlət Universitetinin bir qrup tələbə və müəllim heyəti Şahdağ Milli Parkının İsmayıllı bölməsinə səfər edib. Səfər zamanı iştirakçılar turizm marşrutları boyunca hərəkət edərək unikal təbiət mənzərələrini seyr edib, onlara milli parkın əhəmiyyəti, biomüxtəlifliyi barədə məlumatlar verilib.
Eyni zamanda növbəti infotur “Gənclərə Qayğı” İctimai Birliyi, “Gənclərin Töhfəsi” İctimai Birliyi və “Psixoloji İnkişaf və Maarifləndirməyə Dəstək” İctimai Birliyinin təşəbbüsü ilə nadir ekosistemlərdən biri olan Hirkan meşələrinin yerləşdiyi Hirkan Milli Parkına təşkil olunub. Gənclər milli parkın fauna və flora aləmini müşahidə edib, milli parkın zəngin təbiəti barədə məlumatlanıblar.
Samur-Yalama Milli Parkında isə Quba Regional Turizm İdarəsinin təşkilatçılığı ilə "Turizm sənayəsində peşəkar bələdçilik" bacarıqlarının inkişafı adlı təlim keçirilib. Təlimin məqsədi bələdçilik fəaliyyəti ilə məşğul olan və bu fəaliyyətə yeni başlayan şəxslərə turizm bələdçiliyini peşəkar qaydada tədris etmək olub.