Məktəblərdə tullantıların idarə olunması ilə bağlı növbəti təlimlər keçirilib
06 Noyabr 2024, 16:50
Şagirdlərə erkən yaşlardan ekoloji şüurun aşılanması və tullantıların düzgün idarə olunmasını öyrətmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən orta təhsil müəssisələrində görüşlər keçirilir.
Görüşlər çərçivəsində mütəxəssislər tərəfindən T. İsmayılov adına 6 saylı məktəb-liseyin, Yasamal rayonu 133 nömrəli tam orta məktəbin, 67 nömrəli tam orta məktəbin 5-8-ci sinif şagirdlərinə tullantıların növləri, düzgün çeşidləmə, plastik tullantıların ətraf mühitə mənfi təsirinin azaldılması, onların toplanması və təkrar emalının əhəmiyyəti və məişət tullantılarının azaldılması üsulları izah olunub.
Qeyd edək ki, interaktiv formatda keçirilən görüşlər “Azərbaycanda plastik tullantıların ekoloji cəhətdən səmərəli idarə edilməsinin təşviqi və innovativ təkrar emal həllərinin tətbiqi” layihəsi çərçivəsində keçirilir.
Layihə Bazel Konvensiyasının “Plastik Tullantı Tərəfdaşlığı” proqramı çərçivəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərəfdaşlığı və Qafqaz üzrə Regional Ekoloji Mərkəzin təşkilatçılığı ilə həyata keçirilir.