Xəbərlər

Məktəblilər “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə qoşulub

29 Oktyabr 2024, 15:55

 
Xəzər rayonu R.M.Sadıqov adına 136 nömrəli tam orta məktəbin təşəbbüsü ilə məktəblilərin ekoloji məsuliyyətini artırmaq, tullantıların düzgün idarə olunması sahəsində maarifləndirilməsi məqsədilə şagirdlər təhlükəli tullantı kateqoriyasına aid olan işlənmiş batareyaların yığımına start verib.

Daha sonra layihəyə 149, 114, 117, 121, 326, 156, 237, 230, 123 və 234 saylı orta məktəblərin şagirdləri də qoşulub. Ümumilikdə şagirdlər tərəfindən 50 kq işlənmiş batareya ekokönüllülər tərəfindən təhvil alınıb.

Batareyaların tərkibində olan ağır metallar və kimyəvi maddələr düzgün şəkildə utilizasiya edilmədikdə torpağa və su mənbələrinə qarışaraq ətraf mühitə və insan sağlamlığına zərər verir. Bu məqsədlə məktəblilərin bu cür aksiyalarda iştirakı onların tullantıların əhəmiyyəti, düzgün idarə edilməsi ilə bağlı maarifləndirilməsi, o cümlədən ekoloji şüurlu gənc nəslin yetişməsi üçün vacib təşəbbüsdür.

Qeyd edək ki, “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qırmızı Ürəklər Fondu tərəfindən 1 may 2022-ci il tarixində start verilib.