“Azərbaycanın milli parklarının tanıtımı” tədbiri Gəncə sakinlərinin marağına səbəb olub
02 Oktyabr 2024, 16:37
"Biomüxtəliflik - təbiətin harmoniyası" devizi altında bu dəfə Gəncə şəhərində baş tutan tanıtım sərgisi ziyarətçilər tərəfindən maraqla qarşılanıb, iştirakçıların fəallığı və xoş təəssüratlarla yadda qalıb.
Milli parkların tanıtım stendlərində nümayiş etdirilən məlumatlar, ekoturizm lövhələri, videoçarxlar ziyarətçilərə ölkəmizdəki milli parkların ekosistemi ilə yaxından tanış olmaq imkanı qazandırıb.
“Azərbaycanın milli parklarının tanıtımı” tədbiri Azərbaycanda ekoloji turizmin potensialını, bütün ölkəni əhatə edən füsunkar təbiətimizi virtual olaraq bir arada görməyə fürsət yaradıb, istirahətini təbiətdə keçirmək istəyənlərə seçim imkanı verib.
Qeyd edək ki, milli parkların tanıtımı ilə bağlı bu artıq üçüncü tədbirdir. İştirakçılar tərəfindən tədbirə göstərilən maraq bu cür tədbirlərin daha geniş kütləyə çatdırılmasına vəsilədir. Təbiət turizminə, ekoloji turizmə marağı artırmaq, eləcə də ölkəmizdəki milli parkları vətəndaşlara tanıtmaq məqsədilə belə kütləvi tanıtım tədbirlərinin davamlı olması nəzərdə tutulur.